05/04/2018
AVTOMATIK ÖTÜRÜCÜ QUTUYA HANSI YAĞLAR TÖKÜLMƏLIDIR.
Hidromexaniki ötürücü sürət qutularda yağ təkcə sürtgü vasitəsi rolunu deyil, həm də yüksək iş gərginliyinə və böyük temperatur dəyişkənliklərinə məruz qalan işlək vasitə rolunu oynayır. Belə şəraitdə yalnız xüsusi məhsullar öz funksiyalarını səmərəli surətdə yerinə yetirə bilərlər. Avtomatik ötürücü sürət qutular üçün mayelər (yağlar) ATF (Automatic Transmission Fluid) işarəsi ilə buraxılır.
ATF aşağı temperaturlarda xüsusilə zəruri olan yüksək axıcılığa malik olmalıdır. Lakin avtomatik ötürücü sürət qutuya tökülən yağın qızarkən həddən artıq axıcı olmaması üçün ona xüsusi qatılaşdırıcı əlavə edirlər, həmin qatılaşdırıcı yalnız yüksək temperatur diapazonlarında öz təsirini göstərir. Bundan başqa, yağa həmçinin sürtünmə, köhnəlib xarab olma, köpüklənmə, oksidləşmə əleyhinə modifikatorları və digər maddələri əlavə edirlər.
Təəssüf ki, ATF-nin vahid təsnifatı mövcud deyil, bu mayelər dünyanın müxtəlif ölkələrində bir çox şirkətlər tərəfindən buraxılır. 80-ci illərin əvvəllərində General Motors kompaniyası “Dexron” ticarət markasını qeydə aldırdı, öz növbəsində Ford şirkəti buraxdığı “Mercon” markalı məhsulun spesifikasiyasında ATF üçün texniki tələbləri bəyan etdi. Lakin ATF məhsulları avtomobilqayırma şirkətləri tərəfindən deyil, neft emalı müəssisələri tərəfindən buraxılır.
Nəticədə ATF-in hər bir növü bir çox avtomobil istehsalçılarının buraxdığı avtomobillərin spesifikasiyalarına uyğun olur, ATF məhsulunun etiketində bu barədə qeyd hökmən olmalıdır.
Avtomatik ötürücü sürət qutuya ATF əvəzinə hər hansı başqa mayenin tökülməsi hökmən ötürücü sürət qutunun sıradan çıxması ilə nəticələnir. Eyni zamanda, avtomatik transmissiyalar (“transmissiya” və “ötürücü sürət qutu” eyni anlayışlardır) üçün yağlar adi ötürücü qutularda işlədilmək üçün də çox yararlıdır. Başqa variant da mümkün ola bilər, məsələn, sizin aldığınız ATF avtomobilinizin avtomatik ötürücü sürət qutusunun istismarı üçün təlimatda tövsiyə edilən yağdan bir pillə aşağı kateqoriyalıdır. Belə yağı istifadə etmək olmaz, lakin müəyyən hallarda (məsələn, çıxılmaz vəziyyətə düşdükdə və qaraja gedib çıxmaq üçün başqa çıxış yolu olmadıqda) avtomatik ötürücü sürət qutuya bu cür yağın tökülməsinə yol verilir. Belə hallarda imkan yaranan kimi avtomatik ötürücü sürət qutuya məhz tələb olunan məhsulu tökməyiniz zəruridir.